REGİONLAR
Cənub bölgəsinin gəncləri “Breyn-rinq” yarışında mübarizə aparıblar
Masallı, 27 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallının “Gənclər paytaxtı” seçilməsi münasibətilə gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışında Masallı gəncləri ilə yanaşı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan gənclər də öz intellektual biliklərini nümaiş etdiriblər.
Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik yarışının yekun nəticələrinə əsasən Masallının “Carpe Diem” komandası birinci, Lənkəranın “Atom” komandası ikinci, “Nilado” komandası isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə kubok və diplomlar təqdim olunub.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qalibləri təbrik edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, 2020-ci ildə Masallı rayonunun “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar olaraq bu səpkidə tədbirlər tez-tez keçiriləcək.