DÜNYA
Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayı 100 minə yaxınlaşır
Pekin, 17 fevral, AZƏRTAC
Cənubi Koreyada əvvəlcədən proqnozlaşdırıldığı kimi COVID-19 virusuna sutkalıq yoluxma sayı 100 minə yaxınlaşır.
AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadla xəbər verir ki, ötən sutka ərzində infeksiyaya 93 min 135 yoluxma qeydə alınıb. Ardıcıl 2 gündür ki, sutkalıq yoluxma sayı 90 mindən yuxarı olur. Virusun sürətlə yayılmasına səbəb daha yoluxucu “omikron” ştamının dominantlıq etməsidir. Hələlik ağır xəstələrin sayı böhranlı həddən xeyli aşağı olsa da, hökumət yaxın həftələrdə bu cür pasiyentlərin sayının çoxalması ehtimalını da nəzərdən keçirir. Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrindəki çarpayıların 28,5 faizi dolub. Ev şəraitində müalicə alan xəstələrin sayı ilk dəfədir ki, 300 mini ötüb.
Səhiyyə ekspertləri fevralın son günlərində sutkalıq yoluxma sayının 170 minə çatacağı barədə bədbin proqnozlar verib. Onların qənaətinə görə, bu rəqəm də “omikron” dalğasının zirvə nöqtəsi olmaya bilər. Belə ki, martın əvvəlində sutkalıq yoluxma sayının 300 minə çatacağını söyləyən ekspertlər də var.
Hökumət yoluxmaların çoxalmasına baxmayaraq, karantin tədbirlərini yumşaltmağı düşünür. Səbəb karantin rejiminin kiçik sahibkarlıq obyektlərinin fəaliyyətinə təsirini azaltmaqdır. Bununla bağlı qərar fevralın 18-də açıqlanacaq.
Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi də davam edir. Əhalinin 86,2 faizi hər iki doza peyvəndi, 58,3 faizi isə “buster” dozanı da qəbul edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin