CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsində viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbiri keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin təşəbbüsü ilə “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün seminar təşkil edilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Viruslu hepatitlər haqqında” hazırlanmış elektron təqdimata əsasən müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə viruslu hepatitlərin növləri və əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumat və tövsiyələr verilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Tibb Baş İdarəsinin, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin əməkdaşları və layihə üzrə məsul şəxslər iştirak ediblər.