DÜNYA
Co Bayden ABŞ Prezidenti kimi Cənubi Koreyaya ilk səfərini edəcək
Bakı, 20 may, AZƏRTAC
Cümə günü ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi Koreya Respublikasına ilk səfərini edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, şənbə günü ABŞ Prezidentinin Cənubi Koreya lideri Yun Sok Yol ilə ilk sammiti olacaq. Gözlənildiyinə görə, üçgünlük səfərin əsas mövzuları ikitərəfli münasibətlərlə yanaşı, Koreya Xalq Demokratik Respublikasının raket-nüvə proqramı, iqtisadi təhlükəsizlik və regional əməkdaşlıq məsələləri olacaq.
ABŞ Prezidentinin bu səfəri Yun Sok Yolun inauqurasiyasından cəmi on gün sonra baş tutacaq ki, Cənubi Koreya prezidentlərinin vəzifələrinin icrasına başlamasından sonra belə tezliklə ABŞ ilə sammit keçirməsi olmayıb.
Cənubi Koreya Administrasiyası nümayəndəsinin sözlərinə görə, dövlət başçıları gün ərzində azı bir dəfə görüşəcəklər. Cümə və bazar günləri ənənəvi və iqtisadi təhlükəsizlik məsələlərinə həsr edilən tədbirlər planlaşdırılıb.
ABŞ Prezidentinin, həmçinin Pxyontxek şəhərində “Samsunq” korporasiyasının yarımkeçiricilər və çip istehsal edən zavoduna baş çəkəcəyi ehtimal edilir.
Cənubi Koreya KİV-nin yazdığına görə, Bayden Koreya yarımadasının cənubunda, Pxyontxek şəhəri yaxınlığında, ABŞ-ın 28 minlik hərbçi kontingentinin yerləşdiyi bazaya da gedə bilər.
ABŞ Prezidenti, həmçinin Seulda Koreya müharibəsi (1950-1953) iştirakçılarının dəfn olunduğu memorial qəbiristanlığa baş çəkə bilər.
ABŞ və Cənubi Koreya liderləri məhdud və geniş tərkibdə görüşəcəklər. Bütün danışıqlar saat yarım çəkəcək. Danışıqların yekunlarına əsasən, tərəflər birgə bəyannamə imzalayacaqlarına ümid bəsləyirlər. Daha sonra birgə mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.