DÜNYA
Co Bayden ABŞ-da odlu silahın satışını məhdudlaşdırmağa çağırıb
Vaşinqton, 15 fevral, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Florida ştatındakı liseydə törədilmiş kütləvi qırğının üçüncü ildönümü ilə bağlı bəyanatında Konqresi odlu silahın gəzdirilməsini tənzimləyən qanunları islah etməyə çağırıb.
Xatırladaq ki, 2018-ci il fevral ayının 14-də liseyin 14 tələbəsi və 3 əməkdaşı silahlı cinayətkar tərəfindən qətlə yetirilib, 17 nəfər yaralanıb. Bayden bütün silahların satışı üzrə anket məlumatlarının məcburi yoxlanılması, böyük tutumlu maqazinlərin satışına qadağa qoyulması, bilərəkdən küçələrə silah çıxaran istehsalçılar üçün toxunulmazlığın aradan qaldırılması daxil olmaqla Konqresi silah haqqında qanunla bağlı sağlam islahatlar aparmağa çağırıb.
Baydenin fikrincə, istənilən odlu silahın satışından əvvəl alıcının keçmişini yoxlamaq lazımdır. O, islahatların zəruriliyini kütləvi qətllərə qarşı mübarizə ilə izah edib. Bildirib ki, belə dəyişikliklər itirdiklərimiz və yaxınlarına yas tutanlar qarşısında bizim borcumuzdur. Hərəkət etmək vaxtı gəlib. Prezident silah gəzdirilməsi hüququnun məhdudlaşdırılması uğrunda mübarizə aparan Parklenddə atəş nəticəsində xəsarət alanların ailələrindən nümunə götürməyi təklif edib.
Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında silah əldə etmək çox asandır və bu gün ölkədə silah sayca əhalidən çoxdur.
AZƏRTAC-ın Vaşinqton bürosu