ELM VƏ TƏHSİL
Cocuq Mərcanlıda “Qayıdış” yaz məktəbi başa çatıb
Bakı, 11 mart, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə sosial korporativ məsuliyyət çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən 3 günlük “Qayıdış” yaz məktəbi başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yaz məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbi və Fizuli rayonu Qazaxlar kənd orta məktəbindən 60-dan çox şagird iştirak edib.
“Qayıdış” yaz məktəbi intellektual, incəsənət və yaradıcılıq, kiçik sahibkarlıq, maliyyə savadlılığı mövzularında təşkil olunub. İştirakçıların hər birinə yaz məktəbinə məxsus hədiyyələr verilib.
Yaz məktəbinin təşkilində və təlimlər zamanı tələbə-könüllülər uğurla fəaliyyət göstəriblər.
“Qayıdış” yaz məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır. Yaz məktəbi “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin “SABAH” qrupları, “Youth Inc.” sahibkarlıq proqramı, “Bd Kids” və “Asmart creative hub” yaradıcılıq mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.
Qeyd edək ki, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb.