ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutu əməkdaşının yeni monoqrafiyası işıq üzü görüb
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Hicran Tahirovanın “Naxçıvan Muxtar Respublikasında miqrasiyanın demoqrafik proseslərə təsirinin iqtisadi-coğrafi problemləri” monoqrafiyası çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab 4 fəsildən - “Əhali miqrasiyasının öyrənilməsinin əhəmiyyəti və nəzəri metodoloji əsasları”, “NMR-in demoqrafik potensialı və onun əsas inkişaf meylləri”, “NMR-də müasir miqrasiya proseslərinin ərazi fərqləri” və “NMR-də miqrasiya siyasətinin əsas istiqamətləri” ibarətdir. Müəllif əsərində NMR-də demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini və bu prosesə təsir edən miqrasiyanın iqtisadi-coğrafi aspektlərini araşdırıb, daxili və xarici miqrasiya proseslərinin istiqamət və səbəblərini müəyyənləşdirib, bu sahədə yaranan problemlərin aradan qaldırılması və nizamlanması məqsədilə müvafiq təklif və tövsiyələr hazırlayıb.
Monoqrafiya uyğun sahədə tədqiqat işləri aparan elmi işçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.