ELM VƏ TƏHSİL
Coğrafiyaçılar Qafqaz yay məktəbinin sertifikatına layiq görülüb
Bakı, 28 sentyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Natəvan Cəfərova, Samirə Abuşova, İradə Əhlimanova, Aminə Muradova və magistrantları Yeganə İbadlı, Nərmin Nağıyeva iştirakçı qismində “Cənubi Qafqazda iqlimə uyğunlaşma qabiliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq Qafqaz yay məktəbində (SCAC-2021) iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Cenevrə və Davamlı Qafqaz Universiteti tərəfindən təşkil edilən tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənir.
Təlim iştirakçıları təbii fəlakətlərin real vaxt rejimində xəritələşdirilməsi və əldə edilən məlumatların paylaşdırılması, GIS-dən istifadə ilə analizlərin aparılması, uzaqdan zondlama məlumatlarının işlənməsi, tematik məşqlər və xəritələrin ictimaiyyətə yayılması haqqında biliklərə yiyələniblər. Sonda təlim iştirakçılarına beynəlxalq sertifikat verilib.
Coğrafiyaçılar təlimi peşəkar səviyyədə bitirdiklərinə görə 2022-ci il aprelin 22-də “Turizmin davamlı inkişafı üçün transdisiplinarlıq: Qafqaz aliminin rolu” (Transdisciplinarity for Sustainable Tourism Development: Role of Caucasus Scientist) adı altında keçiriləcək 3-cü Qafqaz Dağ Forumunda (CMF3) iştirak etmək hüququ qazanıblar.