MƏDƏNİYYƏT
Corc Vaşinqton Universitetində Azərbaycan muğamına həsr edilən təqdimat VİDEO
Vaşinqton, 18 oktyabr, AZƏRTAC
ABŞ-ın Corc Vaşinqton Universitetinin Elliot adına Beynəlxalq Əlaqələr Məktəbində Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutu yanında Mərkəzi Asiya Araşdırmaları Cəmiyyətinin 16-cı illik konfransı keçirilib.
Konfrans çərçivəsində muğam üzrə məşhur amerikalı mütəxəssis Cefri Verbokun “Muğamın sehri: Azərbaycanın sirli musiqisi” mövzusunda təqdimatı olub.
Təqdimat ənənəvi Azərbaycan muğamına əsaslanan, ud, tar və kamança ilə ifa olunan instrumental solo improvizasiyanı, habelə Azərbaycan muğamının nəzəriyyəsi və tarixi haqqında mühazirəni, musiqi ifaçılığı incəliklərini əhatə edib.
Tələbə, akademik və musiqi nəzəriyyəçilərindən ibarət auditoriyanın qarşısında çıxış edən C.Verbok 40 illik tədqiqat təcrübəsindən və muğam ifasından danışıb.
Xatırladaq ki, Cefri Verbok ABŞ-ın görkəmli musiqiçilərindən biridir. O, Azərbaycan musiqisinə hələ 1971-ci ildə vurulub və ömrünü onun təbliğinə həsr edib. Tədqiqatçı ABŞ-ın və dünyanın digər ölkələrinin muzeylərində, kolleclərində, universitetlərində və ictimai mərkəzlərində dəfələrlə konsert verib və mühazirələr oxuyub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton