CƏMİYYƏT
“CoronaVAC” peyvəndinin effektivlik müddətinin ən azı altı ay olduğu güman edilir
Bakı, 18 fevral, AZƏRTAC
Yanvarın 18-dən Azərbaycan da bir sıra aparıcı ölkələrin sırasına qoşularaq yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyaya başladı. İlk günlərdə peyvənd olunanlara artıq ikinci doza vurulur.
Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndinin effektivlik müddəti hamıda maraq doğurur. Vaksin insanları həyatı boyu qoruyacaq, yoxsa yenidən peyvənd edilməyə ehtiyac olacaq?
Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Fərəh Vahabova AZƏRTAC-a deyib: “Peyvəndin nə qədər effektiv ola biləcəyini demək çətindir. Xəstələnəndən sonra ən azı 6 ay onun anticisimləri orqanizmdə qalırsa, onda onun 6-8 ay qoruya biləcəyini güman etmək olar. Ola bilər ki, yeni peyvənd dozası ildə bir dəfə vurulsun, ola bilər altı aydan bir vurulsun, bunu konkret demək çətindir. Hələ bu sahədə araşdırmalar aparılmayıb”.
Peyvənd olunanlarda virusa qarşı anticisimlər yaranıb-yaranmaması barədə həkim-pediatr deyib: “Anticisim yaranmaması halını dünya əhalisinin 1 faizində müşahidə etmək olar. Yəni, istər xəstəlik keçirəndən, istərsə də peyvənd vurulandan sonra onların orqanizmində immunitet yaranmaya bilərlər. Bu, çox nadir hal ola bilər. Həmin şəxslər tez yoluxa, tez xəstələnə və yoluxma zamanı xəstəliyi ağır keçirə bilərlər, çünki immunitetləri zəifdir. Peyvənd olunsalar da, həm yoluxa, həm də yoluxdura bilərlər”.
Doğrudur, bütün bunlar indi sual doğursa da, qarşıdakı illərdə əldə olunan təcrübə ilə daha dəqiq öyrəniləcək.