MƏDƏNİYYƏT
Cümhuriyyətin 100 illik işığında
Bakı, 29 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhər N.Tusi adına 173 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “Açıq dərs – açıq fikir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Şəhla Qəmbərova tədbirin şagirdlərdə milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhu aşılamaq, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsini gənc nəslə çatdırmaq məqsədilə təşkil edildiyini bildirib.
Foyedə kitabxananın və məktəbin kollektivinin birgə hazırladığı “Cümhuriyyətin 100 illik işığında” adlı videoçarx və kitab sərgisi nümayiş olunub.
Sonra qonaqlar məktəbin tarix müəllimi Vəli Hüseynlinin keçdiyi “Açıq dərs-açıq fikir” adlı dərsə dəvət ediliblər.
AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Şəhər Baş Təhsil İdarəsinin məsləhətçisi Rəhman Baxşəliyev, Bakı Dövlət Universitetinin müəllimi Rafiq Qurbanov və başqaları “Açıq dərs”i şagirdlərin dəyərli biliklərə yiyələnməsi baxımından yüksək qiymətləndiriblər.
Sonda “Açıq dərs”də fəal iştirak edən şagirdlər münsiflər heyətinin qərarı ilə diploma layiq görülüblər.