SİYASƏT
DAĞIDICI MÜXALİFƏTİN HİKKƏSİ ONU İFLAS GİRDABINDA MƏHV EDƏCƏKDİR
AĞCABƏDİ RAYONUNUN İCTİMAİYYƏTİ BU QƏNAƏTDƏDİR , ONLAR BU QƏNAƏTLƏRİNİ AŞAĞIDAKI MÜRACİƏTDƏ AÇIQLAYIRLAR
Hörmətli Prezident!
Biz Ağcabədi rayonunun ağsaqqalları, ziyalıları, gəncləri və ictimaiyyətin nümayəndələri son dövrlər Sizin səhhətinizlə əlaqədar bəzi müxalifət partiyalarının, qondarma qurumların və onların himayəsindəki qəzetlərin başladığı böhtan və qərəz kampaniyasını qətiyyətlə pisləyir, bunu mənəviyyatsızlıq hesab edirik.
Vaxtilə zorla yiyələndikləri hakimiyyəti idarə edə bilməyən, torpaqlarımızı işğalçı ermənilərə qurban verən, tutduqları məsul postları qoyub qaçan, indi yenidən iqtidara gəlmək xülyası ilə yaşayan müxalifət partiyalarının ölkəmizin siyasi həyatı, dövlətçiliyimiz üçün müstəsna əhəmiyyətə malik prezident seçkiləri ərəfəsində Heydər Əliyevə qarşı başladıqları böhtançı təbliğat ağcabədililərdə ikrah hissi doğurur.
Ağı qaradan seçə bilməyən, birillik hakimiyyətləri dövründə ölkəni vətəndaş müharibəsi həddinə çatdıranların - İsa Qənbərin, Əli Kərimin, Azərbaycanın sərvətlərini oğurlayaraq okeanın o tayında fərarilik edən Rəsul Quliyevin, AXC hakimiyyəti dövründə nazir müavini işləmiş, sonradan qondarma “Amal” təşkilatı yaratmış “professor” Xalid Əlimirzəyevin, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun - aqibətləri vəzifələrini “dondurmaq” biabırçılığı ilə başa çatan bu üzdəniraq mənəviyyatsızların, burunlarından uzağı görməyən naxələflərin Azərbaycan torpağında gəzməyə, onun havasını udmağa mənəvi haqları yoxdur.
Hörmətli Prezident, şəxsi hisslərinin əsiri olan dağıdıcı müxalifət unudur ki, bugünki Azərbaycanın varlığı Sizin adınızla bağlıdır. Bu müxalifət tör-töküntülərini çıxmaq şərtilə bütün Azərbaycan xalqı Sizi sevir, Sizinlə fəxr edir, öyünür.
Bütün xalqımız kimi, ağcabədililər də yaxşı bilirlər ki, Azərbaycanın Beynəlxalq aləmdə tanınması, dünya iqtisadiyyatına inteqrasiyası, Avropa Şurasına daxil olması, Bakı-Ceyhan neft kəmərinin çəkilişinə başlanması, ölkə daxilində ictimai-siyasi sabitlik, əmin-amanlıq, normal həyat tərzinə qayıdış, uğurlu hüquqi, iqtisadi-siyasi, aqrar islahatların aparılması, o cümlədən çox riskli bir proses olan özəlləşdirilmənin həyata keçirilməsi və yüzlərlə digər iş yalnız və yalnız Sizin əməyinizin nəticəsidir.
Bu bir həqiqətdir ki, müxalifətin 1992-93-cü ildə bərbad vəziyyətə saldıqları Azərbaycanı məhz Siz vətəndaş müharibəsindən, müstəqilliyimizi məhv olmaqdan xilas etdiniz.
Hörmətli Prezident! Sİz öz fəaliyyətiniz və işinizlə böyük xalq kütləsinin sonsuz sevgisini, rəğbətini qazanmısınız. Bu, dünyada tək-tək insanlara, dönməz, mübariz xarakterli qranit iradəli adamlara - Sizin kimi şəxsiyyətlərə nəsib olur. Müstəqil, demokratik Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı dünya ölkələri arasında layiqli yer tutması Sizin gərgin zəhmətinizin, Heydər Əliyev dühası və qüdrətinin nəticəsidir.
Biz inanırıq ki, Ulu Tanrı Sizi Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı kimi həmişə hifz edib və bundan sonra da hifz edəcəkdir.
Biz rayonumuzun bütün əhalisi, Ağcəbədidə məskunlaşmış köçkün və qaçqınlar adından öz əməlləri ilə dövlətimizə və müstəqilliyimizə zərbə vurmağa cəhd göstərən dağıdıcı müxalifətin xəyanətkar, cirkin və cinayətkar əməllərini qətiyyətlə pisləyir və lənətləyirik. Ən qısa müddətdə onların barəsində qanuni tədbir görülməsini, şər, böhtan yayan mətbuat orqanlarının fəaliyyətinə son qoyulmasını tələb edirik.
Möhtərəm Prezident!
Biz ağcabədililər həmişə olduğu kimi, indi də Sizə inanır, daxili və xarici siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşərək 2003-cü ilin prezident seçkilərində Sizi yeganə namizəd sayır və yekdilliklə Sizə səs verəcəyimizi bəyan edirik.
Allah həmişə köməyiniz olsun!
Müraciət Ağcabədi rayon fəallarının
10 may 2003-cü il tarixli toplantısında
qəbul edilmişdir.