İQTİSADİYYAT
DAĞILMIŞ BİNANIN SAHİBİ TAPILDI
Gəncənin Şəddadilər küçəsində təxminən 20 il əvvəl çoxmərtəbəli yaşayış binası ucaldılırdı. SSRİ dağıldıqdan sonra tikintidə işlər dayandırıldı. Elə bununla da yarımçıq tikintinin qara günləri başladı. Qısa vaxt ərzində sahibsiz bina sökülərək talan edildi, onun yan-yörəsi zibilliyə çevrildi.
Bir neçə ay əvvəl Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncədə Qarabağ əlilləri üçün yaşayış binası tikmək qərarına gələndə şəhər icra hakimiyyətində yalnız özülü qalmış həmin ünvanı göstərdilər.
Nazirliyin elan etdiyi tenderdə “Delman” məhdud məsuliyyətli cəmiyyət qalib gələrək işə başladı. Artıq binada son tamamlama işləri gedir. Hərəsi iki otaqdan ibarət 48 mənzilli binanı inşaatçılar sentyabr ayınadək istifadəyə verməyi vəd etmişlər.