İQTİSADİYYAT
“DƏRİNSULU GÜNƏŞLİ” YATAĞINDA İLK ÜST MODULLAR UĞURLA QURAŞDIRILMIŞDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) AZƏRTAC-a bildirmişlər ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının dərinsulu Günəşli hissəsində Faza-3 qazma, texniki təchizat və yaşayış (QTTY) platformasının üst modulları iyulun 26-da təhlükəsiz şəkildə dənizdə dayaq bloku üzərində oturdulmuşdur.
Bundan əvvəl, iyulun 25-də 15.656 ton ağırlığında üst modullar Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən uğurla dənizə yola salınmışdı.
QTTY platformasının BDÖZ-da tikilmiş dayaq bloku da bundan əvvəl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış və gəmidən “Dərinsulu Günəşli”dəki daimi yerində dayaq tavasını dəniz dibinə bərkidən dişli payalar üzərinə endirilmişdi. Bu dayaq blokunun hündürlüyü təxminən 190 metrdir.
QTTY platforması “Günəşli” yatağının dərinsulu hissəsində suyun 175 metr dərinliyində yerləşir. Burada ilk neftin 2008-ci ildə hasil olunması planlaşdırılır. Bu isə son nəticədə “Azəri-Çıraq-Günəşli” üzrə dəniz obyektlərinin gündəlik neft hasilatı gücünü ümumilikdə bir milyon barreldən artıq səviyyəyə qaldıracaq.
Faza-3 çərçivəsində quraşdırılacaq sonuncu üst modullar texnoloji emal, kompressor, suvurma və texniki təchizat platformasının (TTKSTT) modullarıdır. Həmin üst modulların inşası təxminən 98 faiz tamamlanmışdır və bu üst modulların dənizdə quraşdırılması 2007-ci ilin sentyabrında QTTY platformasının üst modullarının dənizdə quraşdırılması tam başa çatandan sonraya planlaşdırılır.
bp-nin iri layihələr üzrə vitse-prezidenti Bryus Luberski demişdir ki, bu nailiyyət builki son dərəcə gərgin iş planımızın yerinə yetirilməsi istiqamətində atılmış mühüm bir addımdır. Biz artıq borudüzən barjın əsaslı təmirini, “Dərinsulu Günəşli” yatağında Faza-3 layihəsi çərçivəsində şimal və cənub sualtı manifoldlarının və texnoloji emal, kompressor, suvurma və texniki təchizat platformasının dayaq blokunun quraşdırılmasını tamamlamışıq. İndi isə sentyabrda sonuncu üst modulların eyni dərəcədə təhlükəsiz və uğurlu şəkildə dənizdə quraşdırılmasını gözləyirik.
Mərkəzi Azəri platformasında qazın və suyun idarə olunması həcmlərinin artırılması üçün geniş miqyaslı modifikasiyaların yerinə yetirilməsinə hazırlaşırıq. Bundan əlavə, lay suyunun utilizasiyası üzrə boru kəmərlərini çəkməyi planlaşdırırıq. Bütün bu fəaliyyətlərdə əsas prioritetimiz işçilərimizin təhlükəsizliyidir, ona görə də son dərəcə məmnunuq ki, üst modulların dənizdə quraşdırılması işlərində əməyin təhlükəsizliyi üzrə gözəl nəticələrə nail olunmuşdur. Fəxr edirik ki, bu işlərin hamısı bp-nin yüksək əməyin təhlükəsizliyi standartları ilə həyata keçirilmiş, insanlara heç bir xəsarət yetirilməmişdir. Layihə qrupumuz və podratçılarımız bir daha əməyin təhlükəsizliyi üzrə bp-nin və tərəfdaşlarımızın ən sərt tələblərinə uyğun işləməyə can atdıqlarını nümayiş etdirirlər. Bundan da məmnunuq ki, quraşdırma və yığma işləri yerli infrastrukturdan maksimum istifadə etmişdir, bu da bizə işlərimizdə yerli ehtiyatlardan istifadə olunmasını əsaslı şəkildə artırmağa imkan vermişdir.
AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin (İNL) bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ Azəri Faza-1 layihəsi idi. Mərkəzi Azəri hasilata 2005-ci ilin əvvəlində başlamışdır. Növbəti mərhələlər Azəri Faza-2 layihəsi kimi 2006-cı ildə hasilata başlamış “Qərbi Azəri”ni və 2006-cı ilin oktyabrında istismara verilmiş “Şərqi Azəri”ni əhatə etmişdir. AÇG Faza-3 – “Dərinsulu Günəşli” layihəsi üzrə isə tikinti işləri gedir və onun 2008-ci ildə hasilata başlaması gözlənilir.