SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Daxili işlər naziri general-polkovnik Ramil Usubov çıxışında MDB Ölkələri Daxili İşlər Nazirləri Şurasının Kiyevdə keçirilmiş toplantısında müzakirə olunan məsələlər və qəbul olunmuş qərarlar barədə qısa məlumat vermişdir. O demişdir ki, iclasda terrorizmə qarşı birgə mübarizənin, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı əlaqəli işin təşkili, MDB ölkələri daxili işlər orqanları əməkdaşlarının təhsili, təlimi, peşəkarlıq səviyyələrinin artırılması, terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, digər ağır cinayətlərə qarşı mübarizədə zəruri informasiyaların, məlumatların vaxtında ötürülməsi və digər məsələlər ətraflı müzakirə olunmuşdur.
Şuranın iclasında MDB dövlət başçılarının Astana zirvə görüşündə qarşıya qoyulmuş tələblərdən irəli gələn məsələlərə dair konkret qərarlar qəbul edilmişdir.
Nazir Azərbaycanın bütün hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyi transmilli cinayətkarlığa qarşı mübarizədə son illər yüksək səviyyədə beynəlxalq əməkdaşlıq etdiyini xatırladaraq vurğulamışdır ki, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin DİN-ləri ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yüzlərlə cinayətkarın yerinin müəyyənləşdirilməsi, tutulması, ölkəmizə qaytarılması qarşılıqlı əməkdaşlığın real nəticələrindən xəbər verir.
Ramil Usubov ümummilli liderimiz Heydər Əliyevin başçılığı ilə son on ildə həyatımızın bütün sahələrində olduğu kimi, cinayətkarlıqla mübarizə, sabitliyin yaradılması sahəsində də böyük işlər görüldüyünü vurğulamış, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini, respublikamızda əmin-amanlığın və sabitliyin qorunması istiqamətində lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.
Cari ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması sahəsində əldə edilmiş nəticələrdən danışan nazir demişdir ki, ölkəmizdə kriminogen vəziyyətə tam nəzarət olunur.
Törədilən cinayətlərin açılma göstəricilərinin yüksək olması və ayrı-ayrı cinayət növlərinin azalması onu göstərir ki, daxili işlər orqanlarının əməkdaşları cinayətkarlıqla mübarizədə tam ciddiliyi ilə fəaliyyət göstərmişlər. Bununla belə, polis orqanlarının fəaliyyətində müəyyən çatışmazlıqlar və nöqsanlar hələ də var və onların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.
Sonra DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi polis general-mayoru Zakir Nəsirov “Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin vəziyyəti”nə dair məruzə etmişdir. O, rəhbərlik etdiyi idarənin axtarış işinin intensivləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər gördüyünü, bunun nəticəsində təqsirləndirilən şəxslərin 60 faizinin müəyyənləşdirilərək tutulduğunu bildirmişdir. İdarə rəisi demişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il axtarılanların sayı 3,6 faiz, axtarışda qalanların sayı isə 8,5 faiz az olmuşdur. İtkin düşmüş şəxslərin 58 faizinin yeri müəyyən edilmiş, 635 belə şəxsdən 459 nəfəri tapılmışdır.
Kollegiyanın gündəliyindəki ikinci məsələ ilə bağlı DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət general-mayoru Murad Hüseynov çıxış etmişdir.
O bildirmişdir ki, respublikamızda tikinti işlərinin artması yanğın təhlükəsizliyi xidməti qarşısında bir sıra müvafiq təhlükəsizlik və təşkilati tədbirlərin görülməsini zəruri etmişdir. Aparılmış təhlil göstərir ki, son on ildə respublikada baş vermiş yanğınların təqribən 55-60 faizi, yanğınlarda insan tələfatının 85-90 faizi məhz köhnə, inşasında tezalışan materiallardan daha çox istifadə edilən və yanğın təhlükəsizliyi tələblərinə cavab verməyən yaşayış sahələrində baş verir. Fəaliyyət göstərən Dövlət Komissiyası tərəfindən qəbul olunmuş 25 çoxmərtəbəli binada yanğın təhlükəsizliyinə tam əməl edilmişdir. Lakin 38 binada təhlükəsizlik tədbirləri və digər tədbirlər tam başa çatdırılmadan icra hakimiyyəti orqanları tərəfindən orderlər verilmişdir. Bu cür halların qarşısının alınması məqsədi ilə Baş İdarə tərəfindən icra hakimiyyəti orqanlarına, aidiyyəti tikinti təşkilatlarına müvafiq müraciətlər edilmişdir.
Nazir Ramil Usubov Bakıda tikilən çoxmərtəbəli yaşayış binalarında son vaxtlar yanğınların təsadüf və ya yanğın təhlükəsizliyi tələblərinin pozulması nəticəsində baş verməsi barədə fikirlərlə razılaşmayaraq, həmin faktlar üzrə toplanmış materialların yoxlanılması, qəbul olunmuş qərarların prosessual qanunvericiliyə uyğunluğu, zərurət olarsa, bu faktlarla bağlı yeni araşdırmalar aparılması barədə DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin rəisi polis general-mayoru Sərvər Mehrəliyevə konkret tapşırıq vermişdir.
Müzakirələrdə Binəqədi RPİ-nin rəisi N.Nağıyev, Lənkəran ŞRPŞ-nin rəisi R.Abbasov, Cəlilabad RPŞ-nin rəisi A.Səlimov, Naxçıvan MR DİN Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi N.Piriyev, Gəncə DYTŞ-nin rəisi Ş.Məmmədov və başqaları çıxış edərək, buraxılmış nöqsanları aradan qaldıracaqlarına söz vermişlər.
Ramil Usubov Kollegiya iclasının tarixi baxımdan çox yaddaqalan tarixə təsadüf etdiyini də xatırlatmışdır. On il əvvəl Bakıda və ölkənin digər bölgələrində baş verən gərgin, həyəcanlı hadisələri yada salan nazir o zaman Azərbaycanın öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında qaldığını bildirərək demişdir ki, bütün həyatını öz xalqına, Azərbaycanın tərəqqisinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev bütün bunları sovuşdurmağa nail oldu.
Nazir ümummilli liderimiz Heydər Əliyevin daxili işlər orqanları qarşısında da böyük vəzifələr qoyduğunu, eyni zamanda, onların fəaliyyətini dəfələrlə yüksək qiymətləndirdiyini, daim diqqət və qayğı göstərdiyini xatırladaraq bildirmişdir ki, bu xətt Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. O, bu qayğının bariz nümunəsi kimi, bu ilin iyunun 30-da dövlətimizin başçısının imzaladığı Fərman və Sərəncamları misal gətirərək demişdir ki, polis orqanlarında çalışan bütün əməkdaşlar bu diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verəcəklər.
Daha sonra Ramil Usubov xidməti fəaliyyətdə yol verilmiş bəzi nöqsanlardan danışmış, onların aradan qaldırılması üçün konkret tapşırıqlarını, tövsiyələrini vermişdir. Daxili işlər naziri xalqımızı və ölkəmizin Prezidentini əmin etmişdir ki, şəxsi heyət Azərbaycanda sabitliyin dönməzliyinin, əmin-amanlığın qorunması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək, cinayətkarlıqla qətiyyətli mübarizəni davam etdirəcəkdir.