SİYASƏT
DAXİLİ QOŞUNLARIN ŞƏKİDƏ YERLƏŞƏN ƏMƏLİYYAT TABURUNDA MƏRASİM KEÇİRİLMİŞDİR
Şəki, 12 mart (AZƏRTAC). Daxili İşlər Nazirliyi Daxili Qoşunların yaranmasının 17-ci ildönümü münasibətilə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Şəki şəhərində yerləşən əlahiddə əməliyyat taburunda təntənəli mərasim keçirilmişdir.
Şəhər İcra hakimiyyəti aparatının məsul nümayəndələri və hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə hərbi hissənin yataqxanasına baş çəkmiş, əsgərlərin məişət şəraiti ilə tanış olmuşlar.
Sonra hərbi hissənin həyətində yeni texnikaya baxış keçirilmişdir.
Şəxsi heyətin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə taburun komandiri mayor Kamal Bayramov, şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, şöbə müdiri Rəfail Mənəfov çıxış edərək, hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara Vətənə sədaqətlə xidmət etməyi, üzərlərinə düşən vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlməyi arzulamışlar. Natiqlər müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması və formalaşmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamış, bu qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir, yeni texnika ilə təchiz olunmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin səmərəli fəaliyyətini yüksək qiymətləndirmişlər.
Xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə mükafatlar təqdim edilmişdir.
Mərasim hərbi hissənin çevik hərəkət bölüyünün nümunəvi çıxışları ilə başa çatmışdır.