İQTİSADİYYAT
DENOMİNASİYA İLƏ BAĞLI MONİTORİNQLƏR KEÇİRİLİR
Vergilər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 2005-ci il 7 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi 2005-ci il avqustun 25-dən etibarən ticarət, ictimai iaşə, xidmət və digər obyektlərdə malların, xidmətlərin və işlərin qiymətlərinin və tariflərinin köhnə və yeni miqyasda göstərilməsi məqsədi ilə geniş məlumatlandırma tədbirləri həyata keçirir. Bununla bağlı, Bakı Şəhər Vergilər Departamenti və onun filialları tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən 23 mindən çox belə obyektə xüsusi bildiriş formaları təqdim olunub, onlarla 85 görüş keçirilib və bu tədbirlərdə 2.083 vergi ödəyicisi iştirak edib. Bundan başqa, televiziya kanalları və qəzetlər vasitəsilə xeyli sayda elan və bildirişlər ictmaiyyətin diqqətinə çatdırılıb.Satışda olan malların üzərindəki qiymət kağızlarında və əhaliyə göstərilən xidmətlərə, işlərə görə qiymət cədvəllərində qiymətlərin və tariflərin köhnə və yeni miqyasda göstərilməsi üçün maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə sentyabrın 25-dən etibarən Bakı şəhəri Vergilər Departamentində 27 qrup yaradılıb. Artıq qruplar paytaxt ərazisində fəaliyyət göstərən 6902 obyektdə monitorinq həyata keçiriblər. Monitorinqlər zamanı bu obyektlərdən 4890-nın denominasiyaya uyğun olaraq qiymətlərin dəyişilməsi prosesinə qoşulduğu müəyyənləşdirilmişdir.