SİYASƏT
DEPUTATLAR ƏMƏK HAQLARININ, EZAMİYYƏ, NƏQLİYYAT VƏ DİGƏR XƏRCLƏRİNİN ARTIRILMASINI TƏLƏB EDİRLƏR
Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar
İbrahimov demişdir ki, İnzibati Xətalar Məcəlləsinə 88,2 maddəsinin əlavə edilməsi təklif olunur. Əlavədə deyilir ki, Xəzər dənizinin Azərbaycana məxsus şelfinin 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin bağlanılması və dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək, hüquqi şəxslər isə şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək cərimə olunurlar (M.82.1). İnzibati tənbeh olunanlar qanunu təkrar pozduqda cərimələrin məbləği artır.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi haqqında” Milli Məclisin 1992-ci il 22 dekabr tarixli 414 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Qanun layihəsi barədə məlumat vermişdir. Yeni qanuna müvafiq olaraq bazar, küçə və meydanlardakı reklam lövhələrində sözlər əvvəlcə Azərbaycan dilində yazılmalı, xarici dillərdə sözlərdəki şriftlərin ölçüsü Azərbaycan dilində verilən mətnin şriftlərindən böyük olmamalıdır.
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər barəsində məlumat vermişdir. Dəyişiklikdə xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərkən dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulur.
Sadalanan, eləcə də bir sıra digər qanunlara da əlavələr və dəyişikliklər edildikdən sonra “Azərbaycan Respublikası Milli Məclisinin 2004-cü il üçün xərclər smetası haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Parlamentin İşlər İdarəsi müdirinin əvəzi Firudin Hacıyev demişdir ki, Milli Məclisin və onun aparatının 2004-cü il xərclər smetası 19 milyard 790 milyon 17 min manat müəyyən olunmuşdur. Bu vəsaitin 8 milyard 516 milyon 668 min manatı əmək haqqı üçün nəzərdə tutulub ki, bunun da 3 milyard 69 milyon 600 min manatı deputatların əmək haqqına sərf olunacaqdır.
Müzakirələr zamanı deputatlar əmək haqlarının, ezamiyyə, nəqliyyat və digər xərclərinin artırılmasını təklif etmişlər.
Müzakirələr Milli Məclisin gələn iclasında davam etdiriləcəkdir.