ELM VƏ TƏHSİL
DİM: 2021-ci il üçün imtahanlara hazırlıq tədbirləri çərçivəsində təhsil müəssisələrinin binalarına baxış keçirilir
Bakı, 25 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları tərəfindən 2021-ci il üçün imtahanlara hazırlıq tədbirləri çərçivəsində imtahanların keçirilməsi nəzərdə tutulmuş təhsil müəssisələrinin binalarına baxış keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müəyyən olunmuş plan-qrafikə uyğun olaraq Bakı şəhəri də daxil olmaqla respublikanın bütün şəhər və rayonları üzrə 1000-dək təhsil müəssisəsinə baxış keçirilməsi nəzərdə tutulur. Hər imtahan binasının seçilməsi zamanı imtahan iştirakçıları üçün rahat olan mərkəzlərə uyğun olan dislokasiyalar müəyyənləşdirilir. Bu mərhələdə sxem-cədvəllər əsasında imtahan binalarının texniki pasportları yaradılacaq, mövcud məlumatların yenidən dəqiqləşdirilməsi aparılacaq, binaların və imtahan zallarının informasiya bazası hazırlanacaq.
Bundan başqa mövcud pandemiya vəziyyətinin davam edəcəyi təqdirdə təhlükəsizliyi təmin etmək məqsədilə imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, imtahan mərkəzlərində sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində mövcud vəziyyət öyrənilir və bu istiqamətdə zəruri işlər görülür.