ELM VƏ TƏHSİL
DİM: Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransına hazırlıq işləri davam edir
Bakı, 22 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) 45-ci illik konfransını təşkil edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.
Mərkəzin fəaliyyəti və beynəlxalq çağırışlara əsasən, IAEA-nın 45-ci illik konfransının “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həllər” mövzusunda keçirilməsi qərara alınıb. Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək. Yerli ekspertlərə dəstək göstərmək məqsədilə DİM sentyabr ayının ilk həftəsi üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Massaçusets Universitetinin təhsil üzrə doktoru Stephen Sadlieri dəvət edib və onun yerli ekspertlərlə görüşünü təşkil edəcək.
İşgüzar səfər çərçivəsində Dr. Sadlierin Gəncə və Şəki regionlarındakı DİM əməkdaşları ilə görüşü və həmin regionların müəllimləri ilə birgünlük təlimlər keçməsi də planlaşdırılır.