MƏDƏNİYYƏT
DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Görüşdə BMT-nin İnsan Hüquqları Komissiyası ilə Komitə arasındakı əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən R.Əliyev müasir Azərbaycanda ictimai fikrin formalaşmasında dinin böyük əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, ölkəmizdə din dövlətdən ayrıdır və bütün dinlər qanun qarşısında eyni dərəcədə cavabdehdir.
Ölkə rəhbərliyinin din sahəsində apardığı siyasətin əsas istiqamətlərindən danışan Komitə sədri son illər dini icmaların birgə humanitar və sosial layihələrin həyata keçirilməsinə cəlb olunması istiqamətində bir sıra səylərin göstərildiyini, bu sahədə 50-yə yaxın müxtəlif təmayüllü dini icmanı birləşdirən Dini İcmalar Birliyinin fəaliyyətini vurğulamışdır.
Ölkəmizə dəvət üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirən A.Cahangir burada dini tolerantlığın saxlanılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. BMT-nin xüsusi məruzəçisi bəyan etmişdir ki, Azərbaycan vicdan və dini etiqad azadlığının total şəkildə boğulduğu dövrdən demokratiyaya keçid dövrünü yaşayır. Bu dövrdə bir sıra çətinlik və mübahisələrin yaranması mümkündür və buna görə də dini etiqad azadlığının təmin olunması kimi məsələlərdə DQİDK-nın fəaliyyətinin əhəmiyyəti daha da artır.
Görüşdə A.Cahangir ayrı-ayrı dini icmaların üzləşdiyi problemlərlə də maraqlanmışdır. Azərbaycan ərazisinə dini ədəbiyyatın gətirilməsi və qurumların qeydiyyatı məsələləri də müzakirə olunmuşdur.
Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ermişlər.