CƏMİYYƏT
DİN: COVID-19 pasportu olmadığına görə ötən gün 2461 nəfər toy şənliklərinə buraxılmayıb
Bakı, 31 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 30-da Bakı şəhərində və respublikanın digər ərazilərində 289 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Habelə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. Həmçinin 2 nəfər barəsində material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 2461 nəfər şənliklərinə buraxılmayıb.