CƏMİYYƏT
DİN: Ötən gün 38 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında yanvarın 8-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 37 kiloqram 646 qram narkotik vasitə, o cümlədən 25 kiloqram 146 qram tiryək, 7 kiloqramdan artıq heroin və 5,5 kiloqram marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar nəticəsində həmin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Qaradağ rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və bir elektron tərəzi götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində Masallı rayonu ərazisində saxlanılan Ə.Əzimovdan 3 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək aşkar edilib. Onun Masallı şəhərindəki evinə baxış zamanı əlavə olaraq 3 kiloqramdan artıq heroin, 3 kiloqrama yaxın tiryək və 5,5 kiloqram marixuana götürülüb.
Yasamal rayonu ərazisində keçirilən digər əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliyevdə isə 804 qramdan artıq heroin aşkarlanıb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini C.Şükürov saxlanılıb. Axtarış zamanı ondan 8 qrama yaxın marixuana götürülüb. Ona məxsus yardımçı təsərrüfata baxış zamanı isə əlavə olaraq 5 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri aparılır.