CƏMİYYƏT
DİN: Suraxanı rayonunda gözəllik salonundan oğurluq edən şəxs yaxalanıb VİDEO
Bakı, 21 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi fasiləsiz etibarlı şəkildə qorunur. Bunu sübut edən növbəti hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya göstəriblər.
Əraziyə gələn polis əməkdaşları obyektə baxış keçirən zaman marketə hər hansı ziyanın dəymədiyini müəyyənləşdiriblər. Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov mühafizə polislərinin çevikliyi sayəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, habelə nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.
DİN Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.