SİYASƏT
DNEPR SAHİLƏLƏRİNDƏN XƏZƏR SAHİLLƏRİNƏ
Bu ilin yayında T.Şevçenko adına Kiyev Milli Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” şöbəsinin səkkiz tələbəsi dil təcrübəsi keçmək üçün Bakı Slavyan Universitetinə gələcəkdir.
BSU-nun tədris işləri üzrə prorektoru professor Asif Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ukraynalı tələbələr bir ay ərzində məşğələlərdə və auditoriyadankənar nitq praktikası zamanı dahi Nizaminin dilini dərindən öyrənməklə yanaşı, Azərbaycanın tarixİ, mədəniyyəti, coğrafiyası haqqında da geniş məlumat əldə edəcəklər.
Professor A.Hacıyev demişdir ki, ukraynalı tələbələr öz arzuları ilə ya tələbə yataqxanalarında yerləşdiriləcək, ya da ayrı-ayrı ailələrdə yaşayacaqlar. Onlara geniş mədəni proqram və ekskursiya proqramı da təklif olunacaqdır. Tələbələr Bakının və ətraf rayonların görməli yerləri ilə tanış olacaq, BSU-nun Masallıdakı istirahət mərkəzində istirahət edəcəklər.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin tələbələri və regionşünasları son iki ildə B.Xmelnitski adına Çerkasskı Dövlət Universitetində təcrübə keçmiş və burada Böyük Kobzarın- Taras Şevçenkonun dilinin daşıyıcıları ilə ünsiyyətdə olmuşlar.
BSU ilə Beynəlxalq Kadr Akademiyası arasında da səmərəli münasibətlər mövcuddur. Akademiyada Heydər Əliyev adına Kiyev Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutu uğurla fəaliyyət göstərir.
Z.Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Bakı