RƏSMİ XRONİKA
DONALD RAMSFELD: “BİZ AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİRİK”
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN MÜDAFİƏ NAZİRİ DONALD RAMSFELDİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimiyyətlə qarşılayan Azərbaycan dövlətinin başçısı İLHAM ƏLİYEV dedi:
- Hörmətli cənab nazir!
Hörmətli qonaqlar, mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Bu, son iki ildə sizin Azərbaycana ikinci səfərinizdir və bir daha göstərir ki, ölkələrimiz arasında mövcud olan münasibətlər çox yüksək səviyyədədir və inkişaf etməkdədir.
Həqiqətən, Amerika ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Siyasi müstəvidə, iqtisadi sahədə, energetika sektorunda olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız çox uğurludur.
2001-ci il sentyabrın 11-də Nyu-York şəhərində baş vermiş dəhşətli terror aktından sonra Azərbaycan dərhal və birmənalı şəkildə Amerikaya öz dəstəyini vermişdir. Bu dəstək davam edir, biz sizinlə bir koalisiyadayıq və bu koalisiyada qalacağıq. Əminəm ki, Amerika ilə Azərbaycan arasında hərbi sahədə mövcud olan əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
Amerika Azərbaycan üçün dost ölkədir. Prezident Corc Buş mənə göndərdiyi məktubda qeyd etmişdir ki, Azərbaycan da Amerika üçün dost ölkədir. Biz buna çox böyük əhəmiyyət veririk. Birləşmiş Ştatlar ölkəmiz üçün strateji tərəfdaşdır. Bu siyasət 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyev tərəfindən aparılır və bundan sonra da davam etdiriləcəkdir.
Hörmətli cənab nazir, bir daha sizi ürəkdən salamlayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, bu səfərdən sonra hərbi sahədə əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən DONALD RAMSFELD dedi:
- Cənab Prezident, çox sağ olun. Mən Sizi Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Məndə olan məlumata görə, Sizin atanız hazırda Klivlenddə çox yaxşı müalicə olunur və özünü çox yaxşı hiss edir.
Çox şadam ki, ölkənizə ikinci dəfə səfər etmək və burada bir daha fikir mübadiləsi aparmaq imkanı əldə etmişəm. Biz, həqiqətən, Azərbaycanla mövcud olan strateji əməkdaşlığa böyük əhəmiyyət veririk. Artıq biz Brüsseldə Sizin nazirlə görüşlər keçirmişik. Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakı ilə bağlı məsələnin müzakirəsində o da iştirak edirdi. Biz bu gün günorta da nazirlə görüş keçirdik və geniş fikir mübadiləsi apardıq. Sizin də dediyiniz kimi, biz hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıqlar apardıq. Bu əməkdaşlıq gündən-günə güclənir və genişlənir.
Bir daha Sizinlə görüşə imkan yaratdığınıza görə təşəkkürümü bildirmək istəyirəm.
X X X
Qəbulda Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev, ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev, ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur