CƏMİYYƏT


DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

Bakı, 23 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin bu il iyunun 19-da “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin vəzifə və hüquqlarının, “DOST” mərkəzlərinin xidmətlərinin daha da genişlənməsinə imkan verib. Dövlət başçısının 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Nazirlik tərəfindən hazırda övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyunun 19-da imzaladığı Fərmanda DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə sahəsində həmin Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək kimi fəaliyyət istiqamətinin də daxil edilməsi tapşırılır. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək Fərmanla Agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.

Eyni zamanda, Fərman “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi xidmətlərinin də daxil edilməsini nəzərdə tutur.

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısında 4.11-ci bəndində peşə kurslarının təşkil edilməsi xidməti əksini tapıb. Yeni Fərmanla həmin mərkəzlər bu xidmətlə bərabər, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi xidmətini də həyata keçirəcəklər. Beləliklə, qeyd olunan xidmətlər bundan sonra DOST Agentliyinin səlahiyyətlərinə aid olacaq.

Dövlət başçısının yeni Fərmanı bir tərəfdən yeni xidmətlər əlavə olunmaqla DOST xidmətləri sırasının genişlənməsinə, eyni zamanda övladlığagötürmə və peşə hazırlığına göndərişin verilməsi sahələrində də xidmətlərin “DOST” mərkəzlərində “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.