SİYASƏT
DÖVLƏTQAÇQINKOMDA NATO PA-NIN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Sentyabrın 17-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov NATO Parlament Assambleyasının Demokratik idarəçilik üzrə yardımçı komitəsinin sədri Fırat Dayanıklı başda olmaqla bu təşkilatın nümayəndə heyətini qəbul etmişdir.
Baş nazirin müavini qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə ətraflı məlumat verərək, bildirdi ki, ermənilərin Azərbaycan torpaqlarına iddiaları hələ 200 il əvvəl başlanmışdır. Rusiya ilə İran Gülüstan müqaviləsini imzaladıqdan sonra çar hökuməti İran və Türkiyədən erməniləri əzəli Azərbaycan torpaqlarına köçürməyə başladı. Bütün bu illər ərzində məhz Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı. 1905, 1918, 1948 və 1988-ci illərdə azərbaycanlılar Ermənistandan planlı surətdə qovulub didərgin salındılar.
Əli Həsənov Dağlıq Qarabağ üstündə 1988-ci ildə başlanmış hadisələrdən söz açaraq dedi ki, təcavüz nəticəsində Ermənistandan 250 min nəfərdən çox soydaşımız zorla çıxarılmışdır. Dağlıq Qarabağın özündən 60 min azərbaycanlı qovulmuş, sonra Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etmişdir. Bunun nəticəsində isə 700 min azərbaycanlı öz torpağında köçkünə çevrilmiş, ərazimizin 20 faizi işğal olunmuşdur.
Dövlətqaçqınkomun sədri bildirdi ki, özlərinin bütün əmlakını itirən bu insanlar indi ölkənin 58 rayonunda məskunlaşmışlar. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu münaqişənin nizama salınması ilə məşğuldur. BMT-nin bu məsələyə dair 4 qətnamə, Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında ATƏT-in Lissabon zirvə görüşünün qərar qəbul etməsinə baxmayaraq, ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmamışdır.
Əli Həsənov məcburi köçkünlərin sosial-məişət şəraitindən danışaraq dedi ki, 1993-94-cü illərdə donor təşkilatları Azərbaycana hər il 200 milyon dollar məbləğində humanitar yardım göstərirdilər, indi bu vəsait cəmi 40 milyon dollardır. Əgər əvvəllər hər qaçqın-köçkün ailəsi ayda 20 kiloqram ərzaq alırdısa, indi bu, 3-4 kiloqrama enmişdir. Azərbaycan hökuməti məcburi köçkünlərə hər vasitə ilə yardım göstərir.
Baş nazirin müavini təəssüflə bildirdi ki, dünyada ikili standartlar mövcuddur. Ermənilər işğalçı olduqları halda, ermənipərəst konqresmen və senatorların təzyiqi qarşısında ABŞ Konqresi Azərbaycana yardımını yasaqlayan düzəliş qəbul etmiş, Ermənistan isə hər il ABŞ-dan 100 milyon dollar yardım almışdır.
Fırat Dayanıklı münaqişə haqqında ətraflı məlumata görə təşəkkür edərək dedi ki, Azərbaycanın üzləşdiyi faciə onu sarsıtmışdır. Dünya birliyi bu insanların taleyinə biganə qalmamalıdır. Qonaq Dövlətqaçqınkomun sədrini əmin etdi ki, o, Azərbaycan qaçqınları haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün var qüvvə ilə çalışacaqdır.