SİYASƏT
DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ GÖRÜŞ
İyulun 29-da Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyev AFR-in Bundestaqının deputatı, Almaniyanın AŞPA və Avropa Birliyindəki nümayəndəsi Volfqanq Berendlə görüşmüşdür.
İlham Əliyev qonağı səmimiyyətlə salamlayaraq, Azərbaycanda baş verən siyasi, sosial-iqtisadi proseslər, Ermənistanın ölkəmizə qarşı təcavüzü və bunun nəticələri, qaçqın-köçkünlərin ağır vəziyyəti barədə məlumat verdi.
AŞPA-nın sessiyalarında İlham Əliyevlə keçirdiyi görüşləri məmnuniyyət hissi ilə xatırlayan Volfqanq Berend Azərbaycanın enerji sektorunun inkişaf perspektivləri ilə maraqlandı. O bildirdi ki, Azərbaycanın neft-qaz sektorundakı uğurları barədə Bundestaqın məlumatı vardır və bu sektorun inkişafını Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün mühüm amil kimi qiymətləndirirlər.
İlham Əliyev Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələrinin həyata keçirilməsi, iri xarici şirkətlərin bu layihələrdə iştirakı barədə ətraflı məlumat verdi. O dedi ki, layihələrin xüsusilə ermənilər arasında əleyhdarları olsa da, bunlar uğurla həyata keçirilir və bu da regionumuzda sülhün və sabitliyin bərqərar olmasına kömək edəcəkdir.
İlham Əliyev ölkənin Neft Fondu barədə də qonağa məlumat verərək, vəsaiti ilbəil artan bu fondun fəaliyyətinin şəffaflığını vurğuladı.
Söhbət zamanı Azərbaycanda qarşıdakı referendum məsələsinə də toxunuldu. İlham Əliyev bildirdi ki, Konstitusiya qəbul edildikdən ötən dövr ərzində ölkədə böyük dəyişikliklər baş vermişdir və bunlar respublikanın Əsas Qanununda da öz əksini tapmalıdır.
Volfqanq Berend xatırlatdı ki, ötən əsrin 60-cı illərində Almaniyada da Konstitusiyaya dəyişikliklər edilməsi məsələsi ilə bağlı diskussiyalar olmuşdur və bu da tamamilə təbiidir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparıldı.