SİYASƏT
DÖVLƏT QULLUĞU SAHƏSİNDƏ POLŞANIN TƏCRÜBƏSİNİ ÖYRƏNMİŞLƏR
AZƏRTAC xəbər verir ki, səfər Azərbaycan Respublikası Prezidenti İcra Aparatının benefisiar olduğu “Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi” üzrə TASİS layihəsi çərçivəsində təşkil edilmişdir. TASİS-in həmin layihəsi Azərbaycanda 2001-ci ilin sentyabr ayında qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” Qanunun və onunla bağlı digər normativ hüquqi aktların həyata keçirilməsində ölkəmizə texniki yardım göstərir. Layihənin əsas vəzifələrindən biri də iqtisadiyyatları keçid dövründə olan ölkələrin dövlət qulluğu sahəsində apardıqları islahatlar təcrübəsinin öyrənilməsi və belə təcrübənin Azərbaycanda aparılan islahatlarda nəzərə alınması mümkünlüyünün araşdırılmasıdır.
Varşava şəhərinə səfərin əsas məqsədi Polşada dövlət qulluqçularının işə qəbul edilməsi, bu zaman müsabiqələrin keçirilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin inkişafına xidmət edən məşğələ sisteminin təşkili sahəsindəki təcrübəsi və dövlət qulluğunda aparılan islahatlar zamanı yaranan problemlərlə tanış olmaqdır.
Səfər zamanı Polşa Dövlət Qulluğu Ofisinin rəhbəri nazir Yan Pastva ilə bir neçə görüş keçirilmişdir. Bu görüşlərdə Yan Pastva Polşada dövlət qulluğu sahəsində aparılan islahatlara, bu islahatlarda Dövlət Qulluğu Ofisinin roluna, dövlət qulluğunda olan boş iş yerlərinə aid elanların verilməsinə, dövlət qulluğunda yüksək vəzifələri tutmaq üçün irəli sürülən ciddi və sərt tələblərə dair geniş məlumat vermişdir.
Polşanın Dövlət Qulluğu Şurasının rəhbəri ilə görüş zamanı nümayəndə heyətinin üzvləri Şuranın fəaliyyəti ilə, onun dövlət qulluğu sahəsində aparılan islahatlarda və dövlət qulluğunun hüquqi və iqtisadi bazasının təkmilləşdirilməsində rolu ilə tanış olmuşlar.
Polşa Respublikasının Milli Dövlət İdarəçilik Məktəbində keçirilən görüş nümayəndə heyəti üzvlərinin böyük marağına səbəb olmuşdur. Məktəbin direktoru xanım Mariya Qintovi-Yakkoviç bu təhsil ocağının yaranması, təlim sisteminin növləri, məktəbə qəbul edilən kontingent, məzunların dövlət qulluğunda çalışmalarından və digər maraqlı məsələlərdən ətraflı söhbət açmışdır.
İntensiv iş cədvəli üzrə keçən səfər zamanı Polşa Respublikası baş nazirinin katibliyində, Seymdə (parlamentdə) iqtisadiyyat, əmək və sosial siyasət nazirinin, habelə daxili işlər nazirinin müavinləri və Varşava Universitetinin professorları ilə də görüşlər keçirilmişdir.