MƏDƏNİYYƏT
DÖVLƏT SƏRHƏDİNİN POZULMASININ QARŞISI ALINMIŞDIR
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il iyunun 1-də saat 15:30 radələrində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində - Yardımlı rayonunun Mirimli kəndi istiqamətində yerləşən zastavanın sahəsində iki nəfər atlı şəxsin sərhədi qanunsuz keçməyə cəhd göstərərək İrana adlamasının qarşısı alınmışdır. Sərhəd naryadının qanuna müvafiq olaraq bütün zəruri tədbirlər görməsi (“dayan” komandası verməsi, havaya xəbərdarlıq atəşi açması) nəticəsində sərhəd pozucularından biri Azərbaycan Respublikası istiqamətində geriyə qaçmış, digəri isə İran istiqamətində hərəkətini davam etdirmişdir. Məcburiyyət qarşısında qalan sərhəd naryadı xəbərdarlığa məhəl qoymayan sərhəd pozucusuna qarşı qanunvericiliyə uyğun olaraq silah tətbiq etmişdir. Aldığı güllə yarasından keçinmiş sərhəd pozucusunun Yardımlı rayonu Mirimli kəndinin 1982-ci il təvəllüdlü sakini Həsənov Şahin Meyxoş oğlu olduğu müəyyən edilmişdir.
Faktla bağlı araşdırma aparılır.