CƏMİYYƏT
DSX: 24 kiloqramdan çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb
Bakı, 28 iyul, AZƏRTAC
Son müddətdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 24 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddənin və 1050 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 21-də saat 02:43 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki 2 çanta ilə ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Saxlanılan şəxslərin Astara rayon sakinləri 1993-cü il təvəllüdlü Quliyev Təbriz Əzizağa oğlu və 1995-ci il təvəllüdlü Nabatzadə Şahin İbrət oğlu olması müəyyənləşdirilib. Sərhəd pozucularının çantalarına baxış zamanı ümumi çəkisi 19 kiloqram 625 qram narkotik vasitə və 1050 həb (2 kiloqram metamfetamin, 12 kiloqram 625 qram heroin, 5 kiloqram tiryək, 1050 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.
İyulun 22-də saat 01:10 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında bir nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “Dayan” əmri verilib. Lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin 1982-ci il təvəllüdlü Ağcabədi rayonunun Ağabəyli kənd sakini Mamedov Elvin Vidadi oğlu olması müəyyənləşdirilib. Onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 10 qram olan tiryəkə bənzər maddə aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.