CƏMİYYƏT
DSX-nin hərbi hissə və bölmələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissə və bölmələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldıqları tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, iştirakçılar bayram münasibətilə təbrik ediliblər.
Tədbirdə çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın uşaqlara hər zaman qayğı və məhəbbətlə yanaşdığını, uşaqların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən olmasını vurğulayıblar. Həmçinin cəmiyyətimizin gələcəyi olan uşaqların yüksək mənəvi-əxlaqi xüsusiyyətləri, intellektual qabiliyyətləri ilə həm həyatda layiqli yer tutacaqlarına, həm də ölkəmizin inkişafına töhfə verəcəklərinə əminlik ifadə olunub.
Tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının övladları ziyarət edilib, onlara hədiyyələr təqdim edilib.
Bayram şənliklərində uşaqların ifa etdiyi şeir və mahnı nümunələri, rəqs nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Cizgi film personajlarının, nağıl qəhrəmanlarının çıxışları uşaqların bayram ovqatını artırıb.