ELM VƏ TƏHSİL
DÜNYA ŞÖHRƏTLİ ALİMİN TƏDQİQATLARI TAXILÇILARA BÖYÜK UĞURLAR QAZANDIRMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyinin Tərtər regional elm mərkəzi və “Elit” elm istehsalat birliyinin bölgə təcrübə stansiyasında ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə dünya şöhrətli seleksiyaçı, akademik, Milli Məclisin deputatı Cəlal Əliyevin rəhbərliyi ilə təcrübə stansiyasında görülən işlərdən danışılmış, burada bərk və yumşaq buğdanın, arpanın seleksiyasının aparıldığı, yeni taxıl sortlarının yaradıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, “Qaraqılçıq-2”, “Tərəqqi”, “Vüqar”, “Şiraslan-23”, “Əlincə-84”, “Mirbəşir-128”, “Bərəkətli-95” və başqa buğda sortları xəstəliyə davamlılığı və məhsuldarlığı ilə seçilir. Akademikin rəhbərliyi ilə hazırlanmış “Bitki genetik ehtiyatlarına dair Dövlət proqramı” respublikamızın təsərrüfatlarında yüksək taxıl, paxlalı bitkilər və yem bitkiləri istehsal etməyə imkan vermişdir.
Taxılçılıq sahəsində tanınmış beynəlxalq elmi mərkəzlərin nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstan alimləri akademik Cəlal Əliyevin şəxsi təşəbbüsü ilə hər il bölgə təcrübə stansiyasının işi ilə yaxından tanış olurlar.
Bölgə təcrübə stansiyası respublikamızın taxılçılıq təsərrüfatlarını yüksək məhsuldar toxumla təmin edir. Bu il toxumçuluq şöbəsi alimlərin nəzarəti altında 170 hektar sahədə səpin aparmışdır.
Müşavirədə qarşıda duran bir sıra mühüm vəzifələr müəyyənləşdirilmişdir.