REGİONLAR
Daha 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu VİDEO










Göyçay, 27 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 10 rayondan olan 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 27-də Göyçay rayonunun Qəbələ Müsgürlü kəndində evlərin sənədlərinin təqdim olunması münasibətilə tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlillərini təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, bu günlər ölkəmizdə Qələbə ovqatı hökm sürür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin misilsiz şücaəti ilə 30 ilə yaxın bir müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad edilməsi hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir. Vəhşi düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. Bütün torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək.
Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri erməni faşizmini məhv edən Ordumuzun misilsiz rəşadətindən və dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi yazılan Böyük Qələbəmizdən fərəh və qürur hissi ilə bəhs ediblər. Onlar bu parlaq Qələbəyə və həssas qruplara göstərilən yüksək qayğıya, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov çıxışında, habelə mətbuata müsahibəsində bildirib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Tədbirdə Qəbələ Müsgürlü kəndindən yeni ev alan qazi, II qrup Qarabağ müharibəsi əlili Mürsəl Əlimüradaov öz sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək deyib: “Birinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində minaya düşdüm və ağır yaralandım. İndi əliləm, iki övladım var. İndiyədək ata evində qalırdım. Çox darısqallığ idi. Çətinlik çəkirdik. İndi bizə üç otaqlı yeni ev tikiblər. Mən ailəmiz adından Prezidentimiz, Müzəffər Ali Baş Komandamız İlham Əliyevə minnətdaram. Mən, eləcədə bütün qazi yoldaşlarım bu gün ikiqat sevinc içərsindəyik. Qarabağımız düşməndən azad edilib. O vaxt şəhid olan yoldaşlarımızın qanı yerdə qalmayıb”.
Qeyd edək ki, bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 10 rayonda (Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaş) fərdi evlər təqdim edilib.