İQTİSADİYYAT
Daha bir şirkət kredit əməliyyatlarını elektron arayışlarla həyata keçirəcək
Bakı, 1 dekabr, AZƏRTAC
“Elektron hökumət” portalı ilə tərəfdaşlıq edənlərin siyahısına daha bir şirkət əlavə olunub. Belə ki, "İrşad Elektronics" MMC kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara “Elektron hökumət” portalı üzərindən daha rahat xidmət təqdim edəcək. Portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə şirkətə təqdim etmək olar.
Portaldan AZƏRTAC-a bildirilib ki, elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışların əsas üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış almaq zərurətinin aradan qaldırılmasıdır.
Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidmətdən artıq 30-a yaxın bank və kredit təşkilatı yararlanır.
Hazırda portal tərəfindən vətəndaşlara 18 növ arayış təqdim olunur.