MƏDƏNİYYƏT
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunub
AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək deyib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.
Festivalda 11-dən çox xarici ölkədən dünyanın tanınmış kollektivləri iştirak edəcək. On gün ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrinin musiqiçilərinin ifasında təqdim olunacaq.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə festival çərçivəsində təmsil etdiyi qurum tərəfindən keçiriləcək silsilə tədbirlərdin söz açıb.
Bildirilib ki, bu müddətdə ABİ-də “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans, musiqi ensiklopediyasının, yeni kamera ansamblının təqdimatı olacaq.
Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran”ı səslənib.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə qərənfillər düzüblər.