İQTİSADİYYAT
“Daily Mail” qəzeti Bakıda tikilən möhtəşəm otel haqqında yazır
Böyük Britaniyanın “Daily Mail” qəzetində Bakıda tikilən möhtəşəm otel haqqında məqalə dərc edilib.
Məqalə ABŞ-ın əmlak inşaatı sahəsində dünya liderlərindən sayılan “The Trump Organisation” şirkətinin rəhbəri Donald Trumpun açıqlaması əsasında hazırlanıb.
Yazıda vurğulanır ki, D.Trumpun qızı, şirkətin vitse-prezidenti İvanka Trump inşaatın gedişi ilə maraqlanmaq üçün paytaxt Bakıda olub. İ.Trump açıqlamasında deyib: “Bu möhtəşəm bina yüksək səviyyəli zərifliyi əks etdirir, qeyri-adi memarlığı və müasir daxili dizaynı Xəzər dənizindən ilham alınaraq inşa olunur”.
Məqalədə, həmçinin otelin memarlıq üslubu haqqında məlumat verilir. Bildirilir ki, 33 mərtəbəli oteldə 119 qonaq, 72 lüks yaşayış otağı və 40 xidməti mənzil olacaq.
Otelin dizaynını Londonun “Mixity Design” şirkəti hazırlayıb.
Tikinti işlərini Azərbaycanın “Garant Holding” şirkəti həyata keçirir. Şirkətin idarə heyətinin sədri Anar Məmmədov açıqlamasında “Trump Organisation” şirkəti ilə birgə çalışmaqdan məmnunluğunu ifadə edib. O, Bakı əhalisi və paytaxtı ziyarət edənlər üçün möhtəşəm otelin tikildiyini bildirib.
Otelin açılışı 2015-ci ilin iyun ayına planlaşdırılır.
Məqalədə vurğulanır ki, dünyanın qədim ölkələrindən biri olan Azərbaycan müasir tikililəri ilə də məşhurdur. Yeni tikiləcək otel isə müasir Bakının göydələnləri sırasına qoşulacaq.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London