REGİONLAR
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidməti Ağbulaq kəndində olub
Şahbuz, 7 yanvar, AZƏRTAC
Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət səyyar xidmət qrupu Şahbuz rayonunun Ağbulaq kəndində olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səyyar xidmət zamanı sakinlərin müraciətləri operativ cavablandırılıb, bütün texniki işlər başa çatdırıldıqdan sonra müraciət edən hər bir sakinə əmlaklarının texniki sənədlərini və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilib.
Kənd sakinləri yüksək səviyyədə göstərilən xidmətə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Ötən il dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatında iştirak edən Ali Məclisin Sədri muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm-istirahət bölgəsinin torpaq ehtiyatlarını qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması barədə tapşırıqlar verib. Komitənin səyyar xidmət qrupu həmin tapşırıqların icrası məqsədilə yaşayış məntəqəsində fəaliyyət göstərir.