MƏDƏNİYYƏT
Daşkənddə Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib
Daşkənd, 19 noyabr, АZƏRTAC
Daşkənddə Əlişir Nəvai dına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun 85 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, teatrda keçirilən yubiley tədbirində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər səfirlər, diplomatlar, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi Müqəddəs Axmedcanova və SSRİ Xalq artisti Yaqub Əhmədov Firudin Səfərovun həyat və yaradıcılığı haqqında məlumat verərək bildiriblər ki, rejissor artıq 40 ildir Daşkənd teatrında ölməz əsərlərə səhnə həyatı verir.
Firudin Səfərovu 85 illik yubileyi münasibətilə təbrik edən səfir Hüseyn Quliyev onun yarım əsrdən çoxdur ki, istedadlı opera rejissoru kimi öz parlaq istedadı ilə Azərbaycan və özbək xalqlarına xidmət etdiyini bildirib. O, öz istedadı ilə xalqlarımız arasında sarsılmaz körpü yaradıb.
Diplomat deyib ki, indiyədək Firudin Səfərov Bakı və Daşkənd teatrlarında 70-dən artıq klassik və müasir operaya quruluş verib. Böyük Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, Vasif Adıgözəlovun “Natəvan” operaları onların arasındadır. O, dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olub, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir neçə il əvvəl “Tərəqqi” medalına layiq görülüb.
Hüseyn Quliyev yubilyara səfirliyin fəxri fərmanı və “Qarabağ xanəndələri” albomumu təqdim edib.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev bildirib ki, Daşkənddə gəlməmişdən əvvəl F.Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib. Onun 70 və 80 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan prezidentinin fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov F.Səfərovun rejissor kimi fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubunu oxuyub.
Teatrın bədii rəhbəri Eldar Əzimov Firudin Səfərovun Daşkənd teatrındakı xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, görkəmli italyan bəstəkarı C.Verdinin bu teatrda tamaşaya qoyulan altı operasından beşinin müəllifi məhz F.Səfərovdur.
Tədbirdə Firudin Səfərova diplomlar, Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim olunub.
Yubilyar təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.
Sonra Firudin Səfərovun səhnələşdirdiyi Cüzeppe Verdinin “Aida” operası nümayiş etdirilib, tamaşa anşlaqla keçib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd