MƏDƏNİYYƏT
Daşkənddə “Böyük İpək Yolu ilə turizm - 2011”17-ci Beynəlxalq sərgisi başa çatmışdır
Daşkənd, 4 noyabr (AZƏRTAC). Daşkənddə “Böyük İpək Yolu ilə turizm - 2011” 17-ci Beynəlxalq turizm sərgisi başa çatmışdır.
Sərgidə Azərbaycan da daxil olmaqla dünyanın 30-a yaxın ölkəsindən gəlmiş 100-dən artıq turizm firma və şirkəti iştirak etmişdir.
Sərginin açılışında Özbəkistan baş nazirinin müavini Abdulla Aripov və Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov iştirak etmişlər.
Sərginin Azərbaycan guşəsində ölkəmizin gerbi və bayrağı, respublikanın turizm potensialını əks etdirən reklam-çap məhsulları və fotostendlər nümayiş etdirilmişdir.
Guşədə quraşdırılmış monitorda müntəzəm olaraq Azərbaycanın görməli yerlərini əks etdirən videofilm göstərilmiş, sərgiyə gələnlərə turizmlə əlaqədar jurnallar və açıqcalar paylanmışdır.
Ölkəmizi bu sərgidə təmsil edən Bakıdakı “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev bildirmişdir ki, sərgi çərçivəsində Türkiyə, Malayziya, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Vyetnam və digər ölkələrin, həmçinin Özbəkistanın Səmərqənd, Buxara, Xivə və digər şəhərlərinin turizm təşkilatlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi ilə əlaqədar razılaşmalar əldə etdik. Onları ölkəmizin turizm potensialı, o cümlədən piyada turizm, eko-turizm marşrutları maraqlandırırdı. Əminəm ki, əməkdaşlığımız öz bəhrəsini verəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd