MƏDƏNİYYƏT


Daşkənddə Firudin Səfərovun tamaşaya qoyduğu yeni operanın ilk tamaşası olub

Daşkənd, 17 mart, АZƏRTAC

Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, professor Firudin Səfərovun tamaşaya qoyduğu Pyotr İliç Çaykovskinin “İolanta” operasının ilk tamaşası olub.

AZƏRTAC xəbər verir ki, tamaşada səfirlər, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Anşlaqla keçən tamaşanın sonunda tanınmış rejissor səhnəyə dəvət olunub, tamaşaçılar ona və aktyorlara çiçək dəstələri təqdim ediblər.

Firudin Səfərov 40 ilə yaxındır ki, bu teatrda çalışır və ötən müddətdə 70-dən artıq müasir və klassik operalara quruluş verib. Özbəkistana gəlməzdən əvvəl 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib. Bakı teatrında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun”, Vasif Adıgözəlovun “Natəvan” və digər operalara quruluş verib.

Firudin Səfərovun 70, 80 və 85 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.

O, dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olub, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.