DÜNYA
Daşkənddə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının forumu keçirilib
Daşkənd, 19 may, АZƏRTAC
Daşkənddə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının V Beynəlxalq Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda vaxtilə MDBMİ-də təhsil alan, hazırda dünyanın 32 ölkəsindən gələn 450-dən artıq nümayəndə iştirak edib.
Tədbirdə TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış edərək bildirib ki, birinci belə forum Bakıda keçirilib, sonra Moskvada və Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində baş tutub, bu gün isə Özbəkistanda reallaşır.
Vurğulayıb ki, forumda iştirak edənlər öz ölkələrində hökumət və parlament üzvləri, diplomatlar, nüfuzlu şirkətlərin rəhbərləri, biznesmenlər, tanınmış jurnalistlərdir.
Forumda Özbəkistanın Baş naziri Abdulla Aripov Prezident Şavkat Mirziyoyevin, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski isə Rusiyanın dövlət başçısı Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, MDBMİ-nin rektoru Anatoli Torkunov və başqaları çıxış edərək bu ali təhsil ocağının Müstəqil Dövlətlər Birliyi, həmçinin bir çox ölkələrin həyatında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, MDBMİ-nin məzunları dünya ölkələrinin diplomatiya, iqtisadiyyat, biznes və digər sahələrində uğurla fəəaliyyət göstərirlər.
Sonra “MDBMİ-nin strategiyasının inkişafı”, “Beynəlxalq siyasət”, “Beynəlxalq imic siyaysəti” və digər mövzularda müzakirələr aparılıb.
Forumda bildirilib ki, Daşkənddə MDBMİ-nin filialı açılıb və sentyabr ayında bu təhsil ocağına tələbələr qəbul olunacaq. Daşkənddən sonra belə bir filialın Bakıda açılacağı da vurğulanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd