MƏDƏNİYYƏT


Daşkənddə Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunmuş seminar təşkil edilib

Daşkənd, 16 iyun, AZƏRTAC

Daşkənddə “Şərqin böyük şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin həyat və yaradıcılığı: oxşar talelər” adlı beynəlxalq onlayn elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Daşkənd Dövlət İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycanın və Özbəkistanın tanınmış alimləri iştirak ediblər.

Seminarı Kəmaləddin Behzad adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun dosenti Oybek Qasımov açaraq Şərqin iki dahi şairi Nizami Gəncəvi və Əlişir Nəvainin həyatı və yaradıcılığı, Şərq ədəbiyyatında bu şairlərin tutduğu yer haqqında məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Məmmədov təbrik sözü söyləyiblər.

Azərbaycan alimləri, professorlar Ramiz Əskər, Tərlan Quliyev, Mais Əmrahov, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova, həmçinin özbək alimləri Nizami Gəncəvi və Əlişir Nəvainin ölməz “Xəmsə”ləri, beşliyə daxil olan ayrı-ayrı əsərləri haqqında ətraflı söhbət açıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.