MƏDƏNİYYƏT
Daşkənddə “Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə” rəsm və əl işləri sərgisi açılıb
Daşkənd, 28 noyabr, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin dəstəyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ), ölkəmizdəki “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin (RGİTİB), habelə Özbəkistandakı “MÜMTOZ” İctimai Birliyinin (MİB) təşkilatçılığı ilə Daşkənddə “Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə” rəsm və əl işləri sərgisi keçirilib.
Mədəniyyət Mərkəzində təşkil edilən sərgidə Azərbaycan uşaqlarının qardaş Özbəkistanın mədəniyyəti, tarixi abidələri, adət və ənənələrinə dair çəkdikləri rəsmlər öz əksini tapıb.
Qeyd edək ki, bununla əlaqədar ADRQ müsabiqə elan edib, təşkilat komitəsi tərəfindən qiymətləndirilən işlər Daşkənddə keçiriləcək sərgiyə gətirilib.
Sərgidə Azərbaycan xalçaları, kəlağayılar, habelə milli musiqi alətlərimiz də nümayiş etdirilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sərgisinin keçirilməsinin əsas məqsədinin iki ölkənin yeniyetmə və gəncləri arasında əlaqələrin və təcrübə mübadiləsinin aparılması olduğunu bildirib, layihəyə 2013-cü ildən start verildiyini qeyd edib. O, həm Özbəkistan, həm də Azərbaycan uşaqlarının bu layihəyə fəal qoşulduqlarını və layihə çərçivəsində gözəl rəsmlər yaradıldığını söyləyib.
ADRQ-nin direktoru Elnur Hüseynov, RGİTİB-in sədri İlkin Əliyev və MİB-in sədri Raxmatulla Xocayev bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb, istedadların üzə çıxarılmasında layihənin əhəmiyyətini vurğulayıblar.
Sonra Daşkənddəki akademik musiqi liseyinin şagirdləri Azərbaycan və özbək bəstəkarlarının əsərlərini, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi ifa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd