MƏDƏNİYYƏT
Daşkənddə Seyid Rza Əlizadə haqqında kitab çap edilib
Daşkənd, 10 iyul, АZƏRTAC
Daşkənddəki “Şərq” nəşriyyatında Səmərqənddə yaşamış soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi Seyid Rza Əlizadə haqqında özbək dilində “Seyid Rza əbədiyyəti” adlı kitab çap edilib. Nəşrdə Seyid Rza Əlizadə irsinin tədqiqatçısı, professor Qeybulla Əs-Salom, ədibin nəvəsi Fərhad Əlizadə və digər tədqiqatçıların onun haqqında məqalələri toplanıb.
Kitabda Seyid Rza Əlizadənin XX əsrin əvvəllərində Türküstanda xalq maarifinin yaranmasında və inkişafında əvəzsiz rolundan söz açılıb. Bildirilir ki, Seyid Rza Əlizadə Türküstanda yeni tipli məktəb açan ilk maarifçilərdəndir. Onun təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlayıb. Seyid Rza Əlizadə özbək, tacik və Orta Asiyada yaşayan farsların ilk “Əlifba” kitabını, tacik dilinin ilk qrammatikasını yazıb, ilk ikicildlik rusca-tacikcə lüğəti tərtib edib. Həmçinin ibtidai sinif şagirdləri üçün “Coğrafiya”, “Tarix”, “Riyaziyyat”, “Həndəsə”, “Astronomiya” və “Ərəb dilinin qrammatikası” kitablarını hazırlayıb.
S.R.Əlizadə 1937-ci ildə digər günahsız ziyalılarımız kimi sürgün olunub, 1945-ci ildə Vladimir həbsxanasında vəfat edib. 1958-ci il yanvarın 16-da ona bəraət verilib. Nəvəsi Fərhad Əlizadə 1987-ci ildə çox çətinliklə babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə gətirib və “Pəncab” qəbiristanlığında dəfn edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd