MƏDƏNİYYƏT
Daşkənddə keçirilən festivalda Azərbaycan da təmsil olunub
Daşkənd, 6 may, АZƏRTAC
Daşkənddəki Mirzə Uluqbəy adına Beynəlxalq Məktəbdə “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib.
Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, mədəniyyət mərkəzləri tədbirdə öz xalqlarının mədəniyyətini və milli mətbəx nümunələrini təqdim ediblər.
Festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi inkişafından bəhs edən kitab və albomlar nümayiş etdirilib. Kitablar arasında “Görkəmli adamların həyatı” seriyasından Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Heydər Əliyev” kitabı, “Qarabağ” fotoalbomu, “Erməni terroru” və digər nəşrlər olub. Sərgidə “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər də nümayiş etdirilib.
Sərgidə Azərbaycanın Qarabağ bölgəsinin qadın geyimləri, milli musiqi və məişət əşyaları və suvenirlərimiz də təqdim olunub.
Azərbaycan guşəsində qonaqlara plov, dolma, qutablar, dovğa və şirniyyatlarımız təklif edilib.
Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd