Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və diasporumuzun üzvləri ilə görüş olmuşdur
AzerTAg.az
Daşkənd, 24 oktyabr (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərliyi və diasporumuzun üzvləri ilə görüşmüşdür.
Namiq Abbasov Dünya azərbaycanlılarının üçüncü qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi haqqında danışmış, qarşıda duran vəzifələri şərh etmişdir. Səfir Prezidentin nitqindən ayrı-ayrı hissələri oxumuşdur.
N.Abbasov demişdir: “Prezidentin nitqində qeyd olunur ki, beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatmışdır. Nitqdə səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlığın daha da güclü olması, səfirliklərlə diaspor təşkilatları arasında ziddiyyətlər və bunların aradan qaldırılması, bu qurumlar arasında mehriban münasibətlərin olması və digər məsələlər ətraflı təhlil edilmişdir”.
Səfir bu istiqamətdə AMM-in işini tənqid etmiş, Dünya azərbaycanlılarının üçüncü qurultayında qəbul olunmuş qərarlar və onların yerinə yetirilməsi istiqamətində AMM-in fəaliyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.
AMM-in sədri Mobil Məmmədov, Kamil Kərimov və şair İxtiyar Rza çıxış etmiş, görülən işlərdən danışmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Xəbərin mətnində orfoqrafik səhv var