CƏMİYYƏT
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib
Daşkənd, 7 iyun, АZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzdə keçirilən tədbirdə Daşkənddəki 21, 22, 23 və 30 nömrəli uşaq evlərinin 230-dək şagird və müəllimi iştirak edib.
Əvvəlcə uşaqlar foyedə təşkil olunan kitab, şəkil və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər. Ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çap olunan çoxsaylı nəşrlər, habelə Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanan nəşrlər, Azərbaycan dövlətçiliyinə dair kitablar iştirakçılarda böyük maraq doğurub.
AMM-nin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan əlaqələrindən danışaraq, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində görülən işlərdən danışıb.
Sonra uşaqlar özbək və dünya xalqlarının mahnı və rəqslərini, AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda uşaqlar bayram süfrəsinə dəvət olunublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd