MƏDƏNİYYƏT
Daşkənddəki “Turan” kitabxana mərkəzinə kitab kolleksiyası hədiyyə edilib
Daşkənd, 7 iyun, AZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daşkənddəki “Turan” kitabxana mərkəzində keçirilən tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində əvvəl siyasi ədəbiyyat və uşaq ədəbiyyatının sərgisi keçirilib, sonra bu nəşrlər kitabxanaya hədiyyə edilib.
Kitablar arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafla əlaqədar nəşrlər var.
Kitabxanaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair nəşrlər, jurnal və bukletlər hədiyyə edilib.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova bu münasibətlə uşaqları təbrik edib, təqdim olunan kitablar haqqında məlumat verib.
Konsert proqramında AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd